Mütəxəssislərdən kömək


Sağlam və ləzzətli yeməklərin hazırlanması ilk növbədə qidalardan və keyfiyyətdən asılıdır. Qidaları isə təzə və tər saxlamaq bacarıq tələb edir.

Soyuducu bəzi qida məhsullarını uzun müddət saxlamaq üçün ideal bir yerdir. Amma hansı ərzağın, necə və nədə soyuducuya qoyulmasından çox şey asılıdır. Ailə büdcəsinə qənaət etmək üçün heç bir məhsulu itkiyə vermək olmaz. Elə bu məqamda "2-3 pomidorun kif atması ilə və ya 200 qram pendirin iylənməsi ilə heç bir şey olmaz" deyənlərə "Dama-dama göl olar" atalar sözlərini xatırlatmaq yerinə düşər.

Qidaları soyuducuda saxlamaq üçün evdar xanımların əməl etdiyi qaydaları hamının bilməsi məsləhətdir. Beləliklə, soyuducuda qidaları itkiyə getmədən saxlamaq üçün bəzi ipucları:

Qatıq və süd məhsulları

Südü mütləq soyuducunun iç rəflərində saxlayın. Şkaf qapağında saxlanan şeylər, qapağı hər açdığınızda isti havayla təmas edər və daha tez xarab olar. Son istifadə etmə tarixindən asılı olmayaraq, süd qutusunu açdıqdan sonra ən çox 3 gün içində istehlak etməlisiniz.

Dondurma, dondurucuda 2-4 ay müddətində təzə qala bilər.

Qatığı aldıqdan sonra ən çox, 7 gün ərzində istehlak etmək lazımdır. Bəzi insanlar qıcqırmış, yəni turşumuş qatıqdan dovğa, ayran hazırlamağı çox sevirlər. Amma insanların çoxu şirin qatıq istehlak etməyi üstün tutur. Yaxşısı budur ki, süd və süd məhsullarını istifadədən asılı olaraq az miqdarda və tez-tez alın.

Kərə yağı iy-qoxunu özünə tez çəkir. Ona görə də kərə yağlarını dar və sərt sellofanlara büküb saxlayırlar. Bu qaydalara əməl olunarsa, soyuducuda 1 ay, dondurucuda 6 ay xarab olmadan saxlamaq olar.

Pendir də saxlanma şəraitinə düzgün riayət edilməzsə, tez xarab olan qidalar sırasındadır. Lap qədimdən pendiri dəri tulumlarda və ya duzlu suda saxlayırlar. Pendirin növündən asılı olaraq saxlanma tərzi də dəyişir. Məsələn, holland pendirini ancaq sərt sellofan paketlərə kənar, qoxunu içəri buraxmayan bir tərzdə büküb saxlamaq lazımdır. Bərk pendirləri isə duzlu suda, şüşə balonlarda uzun müddət saxlamaq olar. Sellofan paketlərə isə hava keçirməyən tərzdə bükülüb saxlanılarsa, soyuducuda 3-4 həftə təzəliyini itirmədən qalır.

Pendir kiflənmişsə, 1-2 sm qalınlığında kifli hissəni kəsib, yaxşıca təmizlədikdən sonra yemək olar. Krem pendirləri paket açıldıqdan sonra 2 həftə soyuducuda təzəliyini itirmədən saxlamaq olar.

Kəsmik adətən şüşə qablarda saxlanılır. Kənd üsulu ilə hazırlanmış kəsmiyi (lori dildə şor) duzlayıb, ağzını hava çəkməyən bir tərzdə bağlayıb uzun müddət soyuducuda saxlamaq olar. Duzsuz kəsmiyi isə sellofan paketlərdə buzxanada saxlamaq olar.

Dəniz məhsulları

Dəniz məhsullarını sudan çıxan kimi, təzə-təzə almaq məsləhətdir. Ən çox, 2 gün ərzində istehlak edilməlidir.

Təzə dəniz məhsullarını havakeçirməz, qapaqlı, yaxşıca bağlanmış bir qabda soyuducuda ən çox, 2 gün saxlamaq olar. Buzxanada isə bu müddət uzadılır.

Balığı isə təmizləyir, yaxşı-yaxşı yuyur, duzlayıb istiotladıqdan sonra buzxanada sellofan paketlərə büküb, uzun müddət saxlamaq olar.

Əsl evdar xanımlar ət və balıq məhsullarını hissələrə ayırıb (lori dildə, bir bişirimlik) buzxanaya, ayrı-ayrı sellofan paketlərdə qoyurlar. Beləliklə, həm vaxta qənaət edilir, həm də bir dəfə yemək bişirmək üçün bir neçə kilo ətin buzunun açılmasını gözləmirlər. Bunu da yaddan çıxartmaq olmaz, ətin donu tez-tez açılıb, yenidən dondurularsa, keyfiyyəti aşağı düşür.

Dondurulmuş dəniz məhsullarını alarkən son istifadə tarixinə mütləq fikir vermək lazımdır. Vaxtı keçmiş məhsullar ağır zəhərlənmələrə səbəb olur. Dondurulmuş dəniz məhsullarını alıb evə gətirən kimi orijinal qabında buzxanaya qoymaq lazımdır. İstifadə edildiyi zaman isə soyuducudan çıxardıb, soyuq su altında və ya mikrodalğalı sobada donunu açmaq olar.

Meyvə və tərəvəzlər

Meyvələri əvvəlcədən yuyub soyuducuya qoymayın. İstifadə etdikcə yuyun. Çünki nəm çürüməni sürətləndirir.

Meyvə və tərəvəzləri bir yerdə saxlamayın. Meyvələri ayrı, tərəvəzləri ayrı saxlayın. Çünki bəzi meyvələr özündən etilen qazı buraxır, bu da tərəvəzlərin daha tez xarab olmasına səbəb olur.

Meyvə və tərəvəzləri dəlikli qablarda soyuducuda saxlamaq olar.

Meyvə və tərəvəzlərin heç də hamısını soyuducuda saxlamaq lazım deyil. Bəzi meyvə və tərəvəzləri otaq temperaturunda da saxlamaq olar. Kartof, soğan, sarımsağı soyuducuya qoymaq olmaz. Bunları dəlikli qablarda, Günəş işığı düşməyən, sərin otaqda saxlamaq lazımdır. Pomidor və xiyar da 4-5 günə istifadə ediləcəksə, otaq temperaturunda saxlanıla bilər. Banan kimi meyvələr isə 2-3 gün ərzində yeyiləcəksə, otaq temperaturunda təzə qala bilər. Qabıqları qaralsa, içi daha uzun müddət sərt qalacaq.

Göbələkləri kağız torbada soyuducuya qoyun. Hava keçirməz bir qabda saxlamaq nəmlənməsinə və kiflənməsinə səbəb olar.

Ənginar, quşqonmaz, kərəviz kimi tərəvəzlərin tərkibində olan suyun azalıb təzəliyini itirməməsi üçün soyuducuda saxlanması daha faydalıdır.

Göy-göyərti də tez xarab olan qidalar sırasındadır. Bəzi xanımlar göyü təmizləmədən süfrəyə büküb soyuducuda saxlayırlar. Bəziləri isə təmizlədikdən sonra suyunun çəkilməsini gözləyib, süfrəyə büküb, ya da balona yığıb, ağzını rezin qapaqla bağladıqdan sonra soyuducuya qoyurlar. Hər iki üsulda göy öz təravətini bir neçə gün saxlaya bilir.

Ət çeşidləri

Çalışın təzə kəsilən heyvanın ətini alın. Ət suyunun digər ərzaqlara qarışmaması üçün mütləq ayrıca bir paketə qoyun.

Əti soyuducunun ən soyuq hissəsində 2 ilə 4 dərəcə arasında saxlayın. Çiy əti bir qaba qoyduqdan sonra plastik bir paketin içinə qoyun ki, suları axıb digər yeməklərə bulaşmasın. Əgər əti aldıqdan sonra, 1-2 gün ərzində istehlak etməyəcəksinizsə, paketə qoyub buzxanada saxlayın. Ət məhsullarını uzun müddət yalnız buzxanada donmuş halda saxlamaq olar. Çalışın əti buzxanada çox saxlamayasınız. Hər halda, hər şeyi təzə-təzə istifadə etmək daha yararlıdır. İstifadə etmə tezliyinizdən asılı olaraq az miqdarda və tez-tez alın.

Qablaşdırılmış ət məhsullarının üzərində yazılan saxlama təlimatlarını mütləq oxuyun. Ən son istifadə tarixinə diqqət edin.

Qırmızı, çiy ət soyuducuda ən çox, 3-4 gün qalar. Sosiska və kolbasa paketi açıldıqdan sonra 5 gün, hisə verilmiş ətlər 1 həftə istifadəyə yararlı ola bilər. Buzxanada saxlanıldıqda isə bu müddət uzadılır. Hisə verilmiş ətləri dondurmaq isə elə də yaxşı fikir deyil

Qırmızı ət dondurucuda 6-12 ay, sosiska və kolbasa 1-2 ay saxlana bilər.

Aldığınız qıymanın hamısını istehlak edə bilməyəcəksinizsə, qovurub kiçik qablara bölərək dərin dondurucuda-buzxanada saxlaya bilərsiniz. Hətta soğanla qovursanız belə, yemək hazırladığınız zaman sizə çox vaxt qazandıracaq.

Əgər dondurmayacaqsınızsa, toyuğu istifadə etmə tarixindən əvvəl istehlak etməlisiniz.

Bişmiş hind toyuğu və ya toyuq əti 3-4 gün içində istehlak edilməli ya da dondurulmalıdır. Toyuq və hind toyuğu əti dərin dondurucuda 9-12 aya qədər saxlanıla bilər.

Yumurta

Yumurta alarkən son istifadə tarixinə diqqət yetirin. Orijinal paketin içində soyuducunun orta və ya alt rəfində saxlayın. Alt rəflərdə istilik üst rəflərə görə daha az dəyişir. Yumurtalar soyuducuda 3 həftəyə qədər təzə qala bilər. Bərk bişmiş yumurta qabığı soyulmadan 1 həftə, yumurta ağı 4 gün, yumurta sarısı isə sıx bağlı bir qabda 2 gün müddətində soyuducuda saxlanıla bilər.

Yeməklər

İlk növbədə, çalışın ki, digər günə boyat yemək qalmasın. Hər şeyi təzə halda istehlak edin. Əgər gün ərzində bişirilən yemək yeyilməyibsə, mütləq soyuducuya qoyun. Yeməkləri bağlı, şirəli qazanlarda soyuducuya qoymaq lazımdır. Əks halda zəhərlənmələr ola bilər. Sağlamlığı qorumaq üçün heç vaxt soyuducuya ağzı açıq şəkildə yemək qoymayın. Boşqabda qoymaq istəsəniz, mütləq üzərinə sellofan paket (başqa seçimləriniz varsa, onu da sınayın) keçirdin.

Elektrik kəsilsə...

Elektrik kəsiləndə soyuducudakı qidaların istiləşməsini, buzxanadakıların donunun açılmasını gecikdirmək üçün soyuducunun qapaqlarını sıx bağlayın. Soyuducu qapağı açılmadan yeməkləri 4 saat soyuq tuta bilər. Dərin dondurucu içi tamamilə dolu ikən 48 saat, yarı doluykən 24 saata qədər içindəkiləri donuq tuta bilər. Dərin dondurucudakı buzlar əriyibsə, içəridəki yeməkləri tez bir zamanda istehlak etmək lazımdır.

Paltaryuyan maşının təmizlənməsi qaydaları"Əgər paltaryuyan maşınınız xarab olubsa, təmir etdirməyi düşünmədən onu atın" kəlməsini yəqin ki, eşitmisiniz. Əgər paltaryuyan maşınınızın uzunömürlü olmasını istəyirsinizsə, ona qulluq etməyi unutmamalısınız.

Paltayuyan maşına qulluq qaydaları

Onun xaricini nəmli bir bezlə təmizləyə bilərsiniz. Əgər bu kifayət etməsə, suya bir az yuyucu vasitə də əlavə edə bilərsiniz. Sonra duru su ilə maşını qurulayın.

Paltaryuyan maşının yuyucu vasitələr tökdüyünüz gözü bərkimə, kifləmə yarana bilən yerdir. Bu hissənin təmizliyinə xüsusi diqqət ayırmalısınız. Həmin hissə maşından ayrıla bilir. Həmin hissədə yuyucu toz bərkimişsə onu fırçanın yardımı ilə təmizləyə bilərsiniz.

Paltayuyan maşınların çoxunda durulama proqramı var. Bu proqramdan maşının içərisini təmizləmək üçün də istifadə edə bilərsiniz. Əgər bu proqram yoxdursa, yuyucu toz tökülən hissəyə ağ sirkə tökün və maşını "Pambıqlar" proqramında işlədin. Beləcə paltaryuyan maşınınızın içərisini təmizləyə bilərsiniz.

Maşınınızın körük rezini zamanla kif basır . Bu da paltarların kif qoxmasına səbəb olur. Kiflənmənin qarşısını almaq üçün, hər yumadan sonra rezini silməlisiniz. Çünki rezinin nəm qalması kiflənməsinə səbəb olacaq. Əgər kiflənmə olubsa, rezini yuyucu vasitəyə batırılmış bezlə silin. Əgər kif təmizlənməsə rezini dəyişmək lazım olacaq.

Diqqət edilməli olan amillər:

Təmizləmə işlərini 6 aydan bir aparmalısınız.

Yuyucu töz tökülən gözü həftədə bir dəfə yoxlamalısınız.

Paltaryuyan maşını təmizləyərkən güclü kimyəvi maddələrdən istifadə edilməməlidir.

Bu qaydalara əməl etməklə paltaryuyan maşınınızın ömrünü uzada bilərsiniz.

Saçlarımızı şəkilləndirmək, qurutmaq üçün istifadə etdiyimiz fenlərimizi təmizləmirik. Amma çox istifadədən sonra onlarda müəyyən problemlər yaranır ki, bu da saçların qırılmasına, yanmasına gətirib çıxarır. Lakin fenlərin də digər texniki vasitələr kimi təmizlənməyə ehtiyacı var.

Saç qurudan fenlərin təmizliyi

Əgər saç qurutma feniniz çox qızır və yaxşı işləmirsə bunun səbəbi tıxanmış hava dəlikləridir. Bu problemi aradan qaldırmaq üçün feni söndürüb, arxadan havalandırma qapağını açıb təmizləmək lazımdır. Qapaqdakı çirkləri təmizləmək üçün qulaqçöpündən istifadə edə bilərsiniz. Geyinmədiyiniz, istifadəyə yararsız geyimləriniz də bu işdə sizə köməkçi ola bilər. Amma prosedura başlamazdan əvvəl əmin olun ki, saç qururdan fen yaş və ya nəm deyil.

Saç düzləşdirən və maşasının təmizliyi

Saçların daha sağlam və parlaq olmasını istəyirsinizə saç düzləşdirici və maşasında qalan yapışqan çirkləri mütləq təmizləyin. Bu tip fenləri təmizləmək üçünsə spirt və bez gərəklidir. Bezi spirtlə isladıb maşanın kirli hissəsini silin. Saç düzləşdirən azca isti olanda onu təmizləmək daha təsirlidir.